Xocalılar Ümummilli lider Heydər
Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirlər. Xocalı soyqırımının o zamankı hakimiyyətin səriştəsizliyindən baş verdiyi məlumdur. Əgər köməksiz, mühasaridə qalan Xocalıya kömək əli olsaydı qəhrəman şəhər işğal edilməzdi. Erməni quldurları Xocalıda soyqırım aktı törətməklə 26 fevral tarixini bəşər tarixinə qara hərflərlə yazdırdılar. Mənfur düşmənlər öz havadarlarının köməyinə arxalandığı halda, Xocalını ölkə rəhbərliyi taleyin ümidinə buraxdı. Bunu son günədək səriştəsiz hakimiyyətdən kömək uman döyüşkən, torpağa bağlı xocalılar yaxşı bilirlər. Xocalı sakini Bəşirov Şükür İfrat oğlu da bir ziyalı, soyqırım şahidi kimi haqq səsimizi bəyan etmişdir. O, Xocalıdan didərgin düşərək 4 gün meşədə əzab-əziyyətlər çəkmiş, çətinliklə düşmən pusqusundan yayınaraq Ağdama gəlib çata bilmişdir. Şükür Bəşirov mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinqdə ailə üzvləri ilə birlikdə iştirak edib. Şükür müəllim mitinqdə cəsarətlə çıxış edərək qətiyyətli şəkildə Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər fikrini səsləndirmişdir. Xocalı ziyalısı böyük uzaqgörənliklə əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq şüarlarını xalqa çatdırıb. Şükür müəllim Xocalı soyqırımının Azərbaycanda hərcmərcliyin baş alıb getməsi səbəbindən, səriştəsiz rəhbərlərin ucbatından olduğunu gördüyü üçün söyləmişdir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şükür Bəşirovun çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Şükür Bəşirovu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
Rayonumuzun ziyalısı, el ağsaqqalı Şükür Bəşirova camaat arasında böyük hörmət var. O, ictimai işlərə yaxından iştirak edir, gənclərə dəyərli tövsiyələr verir. “Xocalının səsi” qəzetinə müsahibəsində Şükür Bəşirov vəzifə səlahiyyətlərindən sui-istifadə edən icra başçılarının cinayət əməllərindən danışıb. O, bildirib ki, bəzi məmurlar qanunsuz əməllər törədir, korrupsiyanı, rüşvətxorluğu həyat tərzinə çevirirlər. Onlar ölkənin inkişafına, yeniliklərə qarşı çıxan tamahkar məmurlardır. Neqativ hallar vətəndaşlarla məmur arasında münasibəti pozur, dövlətin mənafeyinə ciddi zərbə vurur. Cənab Prezident bu kimi hallara qarşı çox sərt tədbirlər görüləcəyini dəfələrlə vurğulasa da, görünür bəzi məmurlara tamahkar xisləti güc gəlir. Korrupsioner icra hakimiyyəti başçıları sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməkhaqqı kartlarını mənimsəyir, pandemiya dövründə aztəminatlı aiələr üçün ayrılmış ərzaq yardımına göz dikirlər. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qanunazidd əməllər aşkar olunur və cinayət törətmiş məmurlar öz layiqli cəzalarını alırlar. Xüsusi əməliyyatlar digər qurumlarda və nazirliklərdə də davam etməkdədir. Bütün məmurların fəaliyyəti nəzarət altındadır. Xocalı rayon əhalisi özbaşınalıq edən məmurları qanunsuz əməllərinə, vicdansız hərəkətlərinə görə qınayırlar. Ölkə başçısının apardığı siyasətə xələl gətirən belə dırnaqarası dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin əllərindən alınmasını və onların cəzalandırılmasını istəyirlər.
Şükür Bəşirov karantin rejimi elan olunduğu vaxtdan və xüsusi karantin rejiminin yumuşaldılması mərhələsinə keçilməsi şəratində də rayon əhalisi arasında infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə lazımi profilaktika tədbirləri həyata keçirilməsi davam etdirildiyini və əhali arasında izahat, təbliğat işləri gücləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, rayon rəhbərliyi arasında sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq yardımları ədalətli şəkildə paylanılır. Xocalı rayon İcra Hakimiyyətinin könüllüləri müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan insanları ziyarət edir, bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər. Bütün görülən işləri Xocalı rayon əhalisi görür və rayon rəhbərliyi tərəfindən atılan addımları razılıqla qarşılayırlar.
"XOCALININ SƏSİ"